Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz)
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planın icrası məqsədilə 2024-cü ildə təsis edilmişdir.
Yaradıcı Mərkəzin əsas məqsədi – gənc istedadların dəstəklənməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yaradıcılıq potensialının üzə çıxarılması üşün şəraitin yaradılmasıdır.
Mərkəz mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirir, bu sahədə yeni biznes subyektlərinin və startapların formalaşdırılmasını və inkişafını dəstəkləyir, yerli yaradıcı məhsul və xidmətlərin yaradılmasına və ixracının artırılmasına töhfə verir.
“Yaradıcı Mərkəz”in infrastrukturuna daxildir:
- Səs yazma studiyası
- Foto və video studiyası
- Animasiya studiyası
- Rəqs studiyası
- Rezidentlər üçün kovorkinq zonaları
Yaradıcı Mərkəzdə hazırda üç fərqli inkubasiya proqramı, o cümlədən bir neçə layihələr uğurla həyata keçirilir. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılmış və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən yararlanır. İnkubasiya proqramları Musiqi, Gametech (oyun texnologiyaları) və Cultech (mədəniyyət sahəsində rəqəmsal texnologiyalar) kimi sahələri əhatə edir.
Bundan əlavə, "Invest2Create" proqramı çərçivəsində rezident layihələrinin inkişafı üçün investorların cəlb edilməsinə xüsusi diqqət yetirilir.
Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, eləcə də yaradıcı sənayelərdə süni intellektin istifadəsinə dair ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox iştirakçı iştirak edir.
Yaradıcı Mərkəz şəhərin mərkəzində yerləşir, yaxşı texniki təchizata malikdir və sənətçilər, eləcə də yaradıcı sənaye nümayəndələri arasında böyük populyarlıq qazanıb.
Yaradıcı Mərkəzin tərəfdaşları sırasında Prodüserlər Gildiyası, Azərbaycan Animasiya Assosiasiyası, Azərbaycan Dizayn Assosiasiyası, Türk Animasiya Assosiasiyası və digər qurumlar yer alır. Bundan əlavə, Mərkəz müxtəlif dövlət təşkilatları ilə sıx əməkdaşlıq edir.