Portal ictimai iştirakçılıq üzrə nə təmin edir?
“Elektron iştirakçılıq” Portalı vətəndaşların dövlət və yerli əhəmiyyətli məsələlərin müzakirəsində iştirak etməsinə və rəy bildirməsinə imkan yaradır.
Portal vasitəsilə aşağıdakı ictimai iştirakçılıq formaları elektron qaydada həyata keçirilir:
İctimai şuralar – vətəndaşlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum olan ictimai şuralara irəli sürülmüş namizədlərlə, ictimai şuraya seçkilərin keçirilmə yeri, vaxtı və digər əlaqəli məlumatlarla tanış ola bilir, seçki nəticələrini əldə edə bilirlər;
İctimai müzakirələr – vətəndaşlar ictimai və yerli əhəmiyyətli məsələlər üzrə keçirilməsi nəzərdə tutulan ictimai müzakirələr barədə məlumatları əldə edir, iştirak üçün qeydiyyatdan keçir və ictimai müzakirə nəticələrini elektron qaydada əldə edirlər.
İctimai dinləmələr – vətəndaşlar hüquqi akt layihələri və digər məsələlərlə bağlı keçirilməsi nəzərdə tutulan ictimai dinləmələr barədə məlumatları əldə edir, iştirak üçün qeydiyyatdan keçir və ictimai dinləmə nəticələrini elektron qaydada əldə edirlər.
Hüquqi akt layihələrinin ictimai müzakirəsi – vətəndaşlar qanun və digər hüquqi akt layihələri ilə tanış olur, onlara dair ictimai müzakirələr barədə məlumatları əldə edir, iştirak üçün qeydiyyatdan keçir və ictimai müzakirə nəticələrini elektron qaydada əldə edirlər.
Yazılı məsləhətləşmələr – vətəndaşlar hüquqi aktların layihələri və ya ictimai və yerli əhəmiyyətli müxtəlif məsələlər üzrə yazılı rəy və təkliflərini təqdim edirlər.
Kollektiv vətəndaş müraciətləri – vətəndaşlar elektron kabinetləri vasitəsilə kollektiv müraciətlər yaradır, həmin müraciətlər üzrə imzaların elektron qaydada toplanılmasını təmin edir və daha sonra müraciəti aidiyyəti qurumlara təqdim edirlər.