İstifadəçi hüquqları
Hüquqlarınızı öyrənərək platformadan təhlükəsiz istifadə edin.
İstifadə Qaydaları
1.Ümumi müddəalar 1.1. “e-iştirak” platformasından istifadə etməzdən öncə bu “İstifadə Qaydaları” və “Məxfilik Siyasəti” (sənədlərin linki əlavə olunacaq) ilə tanış olmağınız tövsiyə olunur. “e-iştirak” platformasından istifadə etməklə “İstifadə Qaydaları” və “Məxfilik Siyasəti”nə razılıq vermiş olursunuz.
1.2. “e-iştirak” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, “(link əlavə olunacaq)” internet informasiya ehtiyatı olan veb-saytdan ibarət olan rəqəmsal platformadır (bundan sonra “e-iştirak”).
1.3. Bu İstifadə Qaydaları sizin “e-iştirak” platformasından istifadə qaydasını müəyyənləşdirir.
1.4. Bu İstifadə Qaydaları çərçivəsində “e-iştirak” platformasının iştirakçıları dedikdə vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, müvafiq dövlət orqanları, özəl qurumlar və qeyri-hökümət təşkilatları nəzərdə tutulur.
2. İstifadə şərtləri 2.1. “e-iştirak” platformasından yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz.
2.2. Birbaşa və ya dolayı yolla aşağıdakı fəaliyyətlər qadağandır:
2.2.1. “e-iştirak” əməliyyatları (o cümlədən autentifikasiya və şifrənin yeniləməsi) üzərində modifikasiya, əks-mühəndislik, dekompilyasiya etmək və ya digər qanunazidd müdaxilələr etmək;
2.2.2. “e-iştirak” platformasından kommersiya məqsədləri üçün istifadə etmək və ya üçüncü tərəfin şəxsi kabinetinizdən istifadə etməsinə icazə vermək;
2.2.3. “e-iştirak” platformasına məxsus olan və onun funksionallığını təmin edən hər hansı elementi, o cümlədən proqram təminatını çoxaltmaq və ya surətlərini yaratmaq;
2.2.4. Agentlik tərəfindən “e-iştirak” platformasında çıxış imkanı və ya istifadəsi məhdudlaşdırılmış hər hansı əməliyyatı və ya funksionallığı aradan qaldırmaq, aşmaq, dəyişdirmək və digər müdaxilələr etmək;
2.2.5. Hüquqi əsasınız olmadan sizə məxsus olmayan şəxsi kabinetə çıxış imkanı əldə etmək, daxil olmaq və ya istifadə etmək;
2.2.6. “e-iştirak” platforması ilə bağlı böhtan və ya çaşdırıcı xarakterli məlumatlar yaymaq;
2.2.7. “e-iştirak” platformasından qanunvericiliyə və bu İstifadə Qaydalarına zidd olan fəaliyyətin və ya məqsədlərin həyata keçirilməsi üçün istifadə etmək;
2.2.8. “e-iştirak” platformasının fəaliyyətini məhdudlaşdıran, dayandıran və ya funksionallığını poza bilən hər hansı müdaxilə etmək;
2.2.9. “e-iştirak” platforması üzərindən müvafiq qanunvericiliklə yayılması qadağan edilmiş məlumatları yükləmək, ötürmək və ya yaymaq;
2.2.10. “e-iştirak” platforması üzərindən sizin istifadəniz üçün nəzərdə tutulmamış məlumata çıxış etmək;
2.2.11. “e-iştirak” platformasından istifadə etmək məqsədilə başqa fiziki və ya hüquqi şəxslərdən şifrə və ya fərdi məlumat istəmək.
3. “e-iştirak” platformasına giriş 3.1. “e-iştirak” platformasının funksionallıqlarından və xidmətlərindən istifadə etmək üçün “e-iştirak” veb-saytından şəxsi kabinetə giriş etməlisiniz.
3.2. Giriş Vahid Giriş Sistemi üzərindən baş tutur və Vahid Giriş Sistemi istifadəçilərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər elektron eyniləşdirmə vasitələri ilə (bundan sonra Giriş Məlumatları) vahid formada identikləşdirilməsini, habelə qeyd olunan sistemə birdəfəlik girişi təmin edir.
3.3. Siz “e-iştirak” hesabınızın və Giriş Məlumatlarınızın konfidensiallığına, təhlükəsizliyinə və qorunmasına görə cavabdehsiniz.
3.4. “e-iştirak”-dan istifadə edərkən cihazınızın təhlükəsizliyini təmin etməli, o cümlədən brauzer kukilərini təmizləməli, məlumatlarınızın başqa bir şəxs tərəfindən istifadəsinə yol verməməlisiniz.
3.5. Giriş Məlumatlarınızın və ya hesabınızın məxfiliyi pozulubsa və ya icazəniz olmadan hesaba giriş edilibsə, bunu Agentliyə dərhal bildirməlisiniz.
3.6. Giriş Məlumatlarınızdan 3.5-ci bənddəki kimi istifadə olunduqda, hesabınızın müvafiq qaydalara uyğun istifadəsini təmin etmək üçün Agentlik tərəfindən ağlabatan tədbirlər görüləcəkdir. Bununla belə, Agentlik hesabınız və ya Giriş Məlumatlarınızla bağlı həyata keçirilmiş icazəsiz əməliyyatların doğruluğunu təsdiqləmək, araşdırmaq və ya nəzarət etmək məsuliyyətini daşımır. Siz hesabınızdan icazəsiz istifadə nəticəsində sizə və ya üçüncü şəxslərə dəymiş zərər və ya ziyana görə Agentliyin məsuliyyət daşımadığını qəbul edirsiniz.
3.7. Siz “e-iştirak” hesabınızın şifrəsinin itirilməsi, yayılması və ya başqaları tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq üçün lazımi diqqəti göstərməlisiniz. Başqa bir şəxs “e-iştirak” hesabınız açıq olan cihazı və dolayısı ilə sizin haqqınızda məlumatı əldə edərsə, o cümlədən elektron xidmətlərdən istifadə və ya hesabınızla bağlı digər əməliyyatlar həyata keçirərsə, Agentlik sizə dəymiş zərər və ya ziyana görə məsuliyyət daşımır.
4. “e-iştirak” platforması xidmətləri 4.1. “e-iştirak” platformasında vətəndaşların iştirakı “İştirak” bölməsi adı altında dörd altbölmə üzrə təmin olunur. Bunlara “Petisiyalar”, “Forumlar”, “Sorğular” və “Hüquqi aktların müzakirəsi” aiddir.
4.2. Petisiyalar altbölməsindən istifadə
4.2.1. Siz bu bölmədə müxtəlif məsələlərlə bağlı təklif, düzəliş və şikayətlərinizi bildirə bilərsiniz. Petisiyanı yaratmaq üçün siz şəxsi kabinetinizə daxil olmalısınız, anonim petisiya yaratmaq mümkün deyildir. Belə ki, yaratdığınız petisiyanı “ASAN İmza” və ya “SİMA İmza” vasitəsilə imzalaya bilərsiniz. Bu petisiya 63 gün ərzində 4000 imza həddinə çatdıqdan sonra platforma operatoru müvafiq qaydada petisiyanı aidiyyəti üzrə təqdim edir.
4.2.2. Petisiya azərbaycan dilində yazılmalıdır. Petisiyanın başlığı məzmununu və məqsədini dəqiq əks etdirməlidir. Təsvir hissəsində məsələ, onun təsiri və gözlənilən nəticə aydın izah olunmalıdır.
4.2.3. Petisiyanın 5 iş günü ərzində ilkin yoxlanılmasından sonra aşağıdakı hallarda qəbul olunmasından imtina edilir:
4.2.3.1. petisiya yalan, nifrət, ayrı-seçkilik, böhtan, təhdid və zorakılığa çağırış, zarafat, təhqiredici, nalayiq, reklam xarakterli məlumatlar ehtiva edirsə;
4.2.3.2. son 12 ay ərzində eyni xarakterli petisiya artıq yaradılıbsa, müddəti bitibsə və tələb olunan imza sayı tələbi qarşılanmayıbsa,
4.2.3.3. petisiyanın məzmunu aydın deyildirsə;
4.2.3.4. petisiya kommersiya və ya dövlət sirri təşkil edən məlumatları ehtiva edirsə;
4.2.3.5. petisiya konkret şəxsləri cinayət törətməkdə və ya oxşar əməllərdə ittiham edən məlumatlardan ibarətdirsə;
4.2.4. Petisiyanın məzmununda 4.2.3-cü müddəada müəyyən olunmuş əsaslar olarsa, petisiya vətəndaşın kabinetinə əsaslandırma ilə birgə geri göndərilir və düzəliş edilməsi üçün 5 gün vaxt verilir.
4.2.5. Uyğunluğu təsdiq olunmuş petisiyalar 2 iş günü ərzində platformada dərc ediləcəkdir. Dərc edilmiş bütün petisiyalar ictimaiyyət üçün açıq olacaqdır. Petisiya yaradan şəxslər sosial media və digər kanallar vasitəsilə petisiyalarını təbliğ edə bilərlər, lakin bu zaman platformanın kommunikasiya qaydalarına riayət olunmalıdır.
4.3. Petisiyalar ictimai maraq kəsb edən məsələlərə - dövlət idarəçiliyi, sosial siyasət, infrastruktur, ətraf mühit problemləri və ictimai rifah kimi sahələrə aid olmalıdır. Şəxsi şikayətlər və ya dövlət idarəçiliyi ilə əlaqəsi olmayan məsələlər qəbul edilməyəcəkdir.
4.4. Minimum imza sayı toplamış petisiyalara rəsmi cavablar 63 gün petisiya müddəti bitdikdən sonra 15 iş günü ərzində aidiyyəti qurumlar tərəfindən veriləcəkdir. Görülmüş tədbirlər və ya tədbir görülməməsinin səbəbləri izah ediləcəkdir.
4.5. Aktiv olmayan petisiyaların 3 il sonra arxivləşdirilməsi, 5 il sonra isə silinməsi nəzərdə tutulur.
4.3. Sorğular altbölməsindən istifadə
4.3.1. Siz bu bölmədə müvafiq dövlət qurumları tərəfindən yaradılmış sorğuları cavablandırmaqla “e-iştirak” platformasında iştirak edə bilərsiniz. Sorğularda toplanılan məlumatlar təhlil və dövlət xidmətlərinin yaxşılaşdırılması məqsədilə istifadə olunacaqdır.
4.3.2. Siz eyni sorğuya yalnız bir dəfə cavab verə bilərsiniz.
4.3.3. Sorğulara cavablar əgər başqa dil seçimi təqdim edilməyibsə, azərbaycan dilində yazılmalıdır.
4.3.4. Sorğuların nəticələrinə süni təsir göstərmək məqsədilə qruplar və ya kampaniyalar yaradılması qadağandır. Belə hallar aşkar edildikdə, sizin cavablarınız silinəcək və bununla bağlı əlavə tədbirlər də görülə bilər.
4.3.5. Sorğulara cavablarda 4.2.3.-cü müddəada sadalanmış halların mövcudluğu müəyyən olunarsa, sizin cavablarınız silinəcək və əlavə tədbirlər də görülə bilər.
4.3.6. Hər sorğunun cavablandırılması üçün müəyyən edilmiş müddət olacaqdır. İştirak müddəti bitdikdən sonra təqdim edilən cavablar qəbul edilməyəcəkdir.
4.3.7. Sorğulara cavablar yalnız e-iştirak platforması və ya müvafiq dövlət qurumlarının təqdim etdiyi rəsmi kanallar vasitəsilə təqdim edilməlidir. Kağız üzərində və ya qeyri-rəsmi yollarla göndərilən cavablar qəbul edilməyəcəkdir.
4.3.8. Sorğunun nəticələri müvafiq dövlət qurumunun rəsmi veb-saytında və e-iştirak platformasında dərc ediləcəkdir.
4.4. Forumlar altbölməsindən istifadə
4.4.1. Bu bölmə vasitəsilə siz müxtəlif mövzularda açıq müzakirələr aparmaq məqsədilə ictimai forumlar yarada bilərsiniz. Eyni zamanda, yaradılmış forumlara rəylər yazmaqla müzakirədə iştirak edə bilərsiniz. Forum vasitəsilə müzakirə zamanı digər istifadəçilərin fərdi məlumatlarını şəxsin razılığı olmadan paylaşmaq qadağandır.
4.4.2. Yaratdığınız forumların məzmunu veb-saytda dərc olunmamışdan əvvəl 4.2.3.-cü müddəada müəyyən edilmiş əsasların olub-olmaması araşdırılır. Bu əsasların olduğu müəyyən edilərsə, forumun dərc olunmasından imtina edilir.
4.4.3. Həmçinin sizin ictimai foruma yazdığınız rəylərdə 4.2.3-cü müddəada sadalanmış halların mövcudluğu platforma operatoruna həmin rəylərin silinməsi üçün əsas verir.
4.4.4. Artıq mövcud olan forumların dərc olunmasından imtina olunur.
4.5. Hüquqi aktların müzakirəsi altbölməsindən istifadə
4.5.1. Bu bölmədə siz qanun layihələrinin təkmilləşdirilməsi, ictimai maraqların qorunması və qanunvericilik prosesində şəffaflığın artırılması məqsədilə parlamentdə müzakirəyə çıxarılmamışdan öncə yeni və ya mövcud qanun layihələrini nəzərdən keçirə və müvafiq rəylərinizi verə bilərsiniz.
4.5.2. Rəyləriniz əsaslandırılmış, obyektiv, ehtiyac varsa, müvafiq qanunvericilik aktına, onun maddəsinə/struktur elementlərinə istinad qeyd edilməklə yazılmalıdır.
4.5.3. Rəylər yalnız rəsmi e-iştirak platforması və ya parlamentin təqdim etdiyi digər onlayn kanallar vasitəsilə təqdim edilməlidir. Yazılı və ya qeyri-rəsmi kanallar vasitəsilə göndərilən rəylər qəbul edilməyəcəkdir.
4.5.4. Qanun layihəsinə verilmiş bütün rəylər parlamentin müvafiq komitələri tərəfindən nəzərdən keçiriləcəkdir.
4.5.5. Rəylərdə 4.2.3-cü müddəada müəyyən olunmuş əsaslar olarsa, platforma operatoru tərəfindən silinəcəkdir və əlavə tədbirlər görülə bilər.
4.6. Siz şəxsi kabinetinizdə keçmiş əməliyyatları (verilmiş səs, yaradılmış E-petisiya, sorğularda iştirak və s.) izləyə bilərsiniz.
6. “e-iştirak” hesabının ləğv edilməsi 6.1. “e-iştirak” istifadəçisi vəfat etdikdə qanunvericiliyə əsasən mülki hüquq qabiliyyəti sona çatdığından və ölüm faktı dövlət qeydiyyatına alındığından, onun hüquq qabiliyyəti və faəliyyət qabiliyyətinin realizəsi üçün bir vasitə olan e-iştirak hesabı ləğv ediləcəkdir.
6.2. “e-iştirak” hesabının ləğv edilməsi artıq ölüm faktı dövlət qeydiyyatına alınmış şəxsin hesabına giriş edilməsini istisna edir, lakin həmin şəxsə dair fərdi məlumatların müvafiq dövlət informasiya ehtiyatlarında saxlanılması davam edəcəkdir.
7. Üçüncü tərəflərin qaydaları 7.1. Siz Vahid Giriş Sistemindən istifadə etməklə Vahid Giriş Sisteminin Məxfilik Siyasəti və Şərtlər və Qaydalarını (https://digital.login.gov.az/auth/terms-and-conditions) da qəbul edirsiniz.
8. Agentliyin diskresion səlahiyyətləri 8.1. Agentlik İstifadə Qaydalarını dəyişdirə və ya əlavələr edə bilər. Agentlik yenilənmiş İstifadə Qaydalarını “e-iştirak”-ın veb-saytında və ya digər əlaqə vasitələri ilə kommunikasiya edərək istifadəçini məlumatlandıra bilər. İstifadə Qaydaları yenilədikdən və bununla bağlı müvafiq kommunikasiya həyata keçirildikdən sonra “e-iştirak”-dan istifadə etməyə davam etməklə yenilənmiş İstifadə Qaydalarını qəbul etmiş olursunuz. Əgər yenilənmiş İstifadə Qaydalarının şərtləri ilə razı deyilsinizsə, “e-iştirak”-dan istifadəni dayandıracağınızı qəbul edirisiniz.
8.2. Agentlik “e-iştirak”-ın veb-saytında təkmilləşdirmələrlə bağlı olaraq, öncədən bildiriş vermədən məhdudiyyətlər gətirə bilər.
8.3. Agentlik hər hansı bir səbəb göstərmədən və ya öncədən bildiriş vermədən, “e-iştirak”-dan istifadənizi məhdudlaşdıra və ya dayandıra, o cümlədən “e-iştirak” hesabınızı bağlaya bilər. Bu, aşağıdakı hallarda baş verə bilər:
8.3.1. Hesabınızı bağlamaq üçün bizə müraciət etsəniz;
8.3.2. Məhkəmə, hüquq-mühafizə və ya digər dövlət orqanlarının tələbi olduqda;
8.3.3. Hesabınız vasitəsilə şübhəli, qanunazidd və ya cinayətlə bağlı əməliyyatlar həyata keçirildikdə;
8.3.4. Bu İstifadə Qaydaları və ya qanunvericiliyin pozulması ilə bağlı şübhə olduqda.
9. Əqli Mülkiyyət hüquqları 9.1. Agentlik “e-iştirak”, o cümlədən müvafiq proqram təminatına və “e-iştirak” vasitəsilə təqdim edilən və ya əldə edilən hər hansı bir məzmunu üzərində bütün hüquqlara, o cümlədən qanunvericiliklə qorunan əqli mülkiyyət hüquqlarına sahibdir.
9.2. Siz Agentliyin həmin hüquq və maraqlarına birbaşa və ya dolayısıyla məhdudlaşdırmağa səbəb olacaq hər hansı bir hərəkəti etməyəcəyinizi və ya etməyə icazə verməyəcəyinizi qəbul edirsiniz.
9.3. Siz Agentliyin, o cümlədən “e-iştirak” ilə əlaqədar, müəlliflik hüquqlarını, əmtəə nişanlarını və ya digər əqli mülkiyyət hüquqlarını silməmək, gizlətməmək və ya dəyişdirməmək öhdəliyini daşıyırsınız.
9.4. Agentliyin yazılı icazəsi olmadan “e-iştirak”-a məxsus olan heç bir element çoxaldılmalı, surətləri yayılmamalı və ya təkrar istifadə edilməməlidir.
10. Məsuliyyət 10.1. Agentlik “e-iştirak” ilə bağlı olaraq təqdim etdiyi xidmətlərə görə, o cümlədən “e-iştirak” iştirakçılarının nöqsanlarına görə sizə və ya hər hansı bir üçüncü tərəfə, dəymiş zərər və ya ziyana görə heç bir halda məsuliyyət daşımır.
10.2. Siz “e-iştirak”-dan istifadə edərkən insan və ya kompüter xətaları, qeyri-dəqiqliklər, gecikmələr, mövcud olmama və itkilərin baş verməsini və Agentliyin bununla əlaqədar məsuliyyət daşımadığını qəbul edirsiniz.
11. Məxfilik Siyasəti 11.1. “e-iştirak”-dan istifadə etdiyiniz müddət ərzində təqdim etdiyiniz fərdi məlumatlarınız və ya təqdim etdiyiniz başqa bir şəxsə aid olan fərdi məlumatlar toplanıla və işlənilə bilər. Bütün fərdi məlumatlar Məxfilik Siyasətinə (sənədin linki) uyğun olaraq toplanılacaq və işləniləcəkdir.
12. Təkmilləşdirmələr 12.1. Agentlik “e-iştirak” üçün təkmilləşdirmələr və ya yeni versiyalarını təqdim edilə bilər. Bu təkmilləşdirmələr avtomatik və ya sizin tərəfinizdən quraşdırıla bilər.
13. Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası 13.1. Bu İstifadə Qaydaları və “e-iştirak”-dan istifadə üzrə məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada tənzimlənir və təfsir edilir.
13.2. Bu İstifadə Qaydalarından və “e-iştirak”-dan istifadədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həll edilir.
13.3. Danışıqlar nəticəsiz qaldıqda bu İstifadə Qaydalarından və “e-iştirak” platformasından istifadədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr, o cümlədən onun pozulması, tərtib edilməsi, qüvvədə olması, xitam verilməsi və təfsiri ilə bağlı mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə təqdim edilir və yekun olaraq həll edilir.
14. Yekun müddəalar 14.1. Bu İstifadə Qaydalarına Agentlik tərəfindən istənilən zaman birtərəfli qaydada dəyişiklər edilə bilər. Dəyişikliklərdən sizi bu səhifədə yenilənmiş İstifadə Qaydalarını yerləşdirməklə və bu İstifadə Qaydalarının aşağısında “Son yenilənmə tarixi”ni yeniləməklə xəbərdar edəcəyik.
14.2. Agentlik sizə “e-iştirak” veb-saytında dərc etməklə, habelə sizə məxsus əlaqə məlumatları vasitəsilə və ya başqa yolla bildirişlər göndərilə bilər. Belə bildirişin Agentlik tərəfindən dərc edildiyi və ya göndərildiyi an həmin bildirişi aldığınız hesab olunur.
Bu səhifə faydalıdır?
- Bəli
- Xeyr
Səhifənin son yenilənmə tarixi:
28 Apr 2025